Sertifikatlaşdırma

Sertifikatlaşdırma nədir?

Sertifikatlaşdırma latın dilindən təxmini tərcümədə “düzgün edilmiş” mənasını verir. Beləliklə “sertifikat” istehsal edilmiş məhsulun və ya təqdim edilən xidmətin bu sahədə mövcud olan standarta uyğunluğunu təsdiq edir. İstehsalat müəssisəsi və ya xidmət göstərən müəssisə tərəfindən sertifikatın alınması prosesinə sertifikatlaşdırma deyirlər. Bu termin ilk dəfə olaraq ISO-nun Sertifikatlaşdırma Məsələləri üzrə Komitəsi (CASCO) tərəfindən istifadə edilmişdir.

Sertifikatlaşdırmanın məqsədi

Məhsulun sertifikatlaşdırılması əhalinin həyatının, sağlamlığının, əmlakının və ətraf mühit üçün təhlükəli olan məhsulun buraxılmasının və satışının qarşısının alınması, istehlakçılara məhsulun səriştəli seçilməsində köməkliyin göstərilməsi və müəssisələrin beynəlxalq-iqtisadi, elmi-texniki əməkdaşlıqda və beynəlxalq ticarətdə iştirakı üçün şəraitin yaradılması üçün aparılır.

Sertifikatlaşdırmanın növləri

Məhsulların (xidmətlərin, işlərin) sertifikatlaşdırılması iki istiqamətdə məcburilik və könüllülük əsasında aparılır.

Məcburi sertifikatlaşdırma

Xüsusi səlahiyyət verilmiş orqan tərəfindən məhsulların, proseslərin və xidmətlərin normativ sənədlərin məcburi tələblərinə uyğunluğunun təsdiqlənməsidir.

Məcburi sertifikatlaşdırma ətraf mühitin mühafizəsi, insanların həyatı, sağlamlığı və əmlakının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı məhsullar və xidmətlər üçün həyata keçirilir. Qanunvericiliklə müəyyən edilən bu mallara qoyulan tələblərin bütün istehsalçılar tərəfindən yerinə yetirilməsi məcburi xarakter daşıyır.

Könüllü sertifikatlaşdırma

İstehsalçının (icraçının, satıcının, tədarükçünün), məhsulun istehlakçısının, həmçinin dövlət orqanlarının (sifarişçinin) təşəbbüsü ilə könüllülük əsasında keçirilən sertifikatlaşdırmadır.

Uyğunluğun sertifikatlaşdırılması

Lazımi tərzdə eyniləşdirilmiş məhsulun, prosesin və ya xidmətin konkret standarta və ya digər normativ sənədə uyğun olduğuna zəmanətin üçüncü tərəfin (istehsalçı – birinci tərəf, istehlakçı – ikinci tərəf) inamlı sübut etməsidir.

Könüllü sertifikatlaşdırma isə o hallarda aparılır ki, məhsullar, proseslər və xidmətlər üçün mövcud standartların və digər normativ sənədlərin tələblərinə riayət olunması dövlət tərəfindən nəzərdə tutulmamışdır. Könüllü sertifikatlaşdırma o məhsullar üçün aparılır ki, onlara məcburi təhlükəsizlik tələbləri şamil edilmir. Bununla yanaşı könüllü sertifikatlaşdırma etibarlılıq, estetik, qənaətcillik və s. göstəricilərin yoxlanması hesabına bazara keyfiyyətsiz malların çıxarılmasını məhdudlaşdırır. Bu zaman könüllü serifikatlaşdırma məcburi sertifikatlaşdırmanı əvəz etmir və onun nəticələri məhsulun buraxılmasını qadağan etmək üçün əsas deyildir.

Lisenziyaların, Sertifikatların və Uyğunluq Nişanlarının istifadəsi qaydaları

  1. Uyğunluq nişanından istifadə qaydaları

INTERSERT sifarişçilərin uyğunluq istifadəsinin izlənməsini təmin etməlidir.

1.1. Uyğunluq nişanı sertifikatlaşdırılmış məhsul üçün istifadə olunur.

1.2. Sertifikatlaşdırılmamış məhsul uyğunluq nişanı ilə identifikasiya edilmiş kataloq və reklam vərəqlərinə daxil edilməməlidir.

1.3. Məhsulun keyfiyyətini təsdiq edən sənədlərdə uyğunluq nişanından istifadə olunmamalıdır.

1.4. Uyğunluq nişanı məhsulların üzərində və ya onun qablaşdırılmasında istifadə olunmamalıdır.

1.5. INTERSERT sifarişçini uyğunluq nişanı ilə təmin edir.

1.6. Uyğunluq nişanından istifadə edildikdə yalnışlığa yol verilməməlidir.

INTERSERT-in sertifikata istinad üzrə sifarişçi təşkilata olan tələbləri

Sertifikatlaşdırma statusu haqqında kütləvi informasiya vasitələrində (internet şəbəkəsi, reklamlar və digər) məlumat verdikdə INTERSERT-in aşağıda göstərilən tələblərini yerinə yetirməlidir.

  1. Sertifikat haqqında məlumat verdikdə heç bir yalnışlığa yol verilməməlidir.
  2. Yalnışlığa aparan hallarda sertifikatdan istifadə edilməməlidir.
  3. Sertifikatın qüvvədə olması müvəqqəti dayandırıldıqda və ya ləğv edildikdə ondan reklam məqsədilə istifadə edilməməlidir.
  4. Sertifikatın tətbiq sahəsi məhdudlaşdırıldıqda reklam materiallarında düzəlişlər edilməlidir.
  5. Məhsulun sertifikatına istinad edildikdə, bunu keyfiyyət idarəetmə sisteminin sertifikatlaşdırılması kimi anlaşılmasına yol verilməməlidir.
  6. Sertifikatın sertifikatlaşdırma sahəsinə aid olmayan fəaliyyətlərə şamil edilməsi kimi başa düşülməsinə yol verilməməlidir.
  7. INTERSERT-in imicinə mənfi təsir edən və ya sertifikatlaşdırma sisteminə ictimaiyyətin inamının azalmasına səbəb olan hallarda sertifikatdan istifadə edilməməlidir.

Sertifikatlaşdırma sənədlərindən, uyğunluq nişanından, lisenziyalardan istifadə zamanı yalnışlığa yol verilən zaman və ya sertifikatlaşdırmaya düzgün istinad edilməyən halların qarşısını almaq üçün INTERSERT nəzarət tədbirləri həyata keçirməlidir.

Bu tədbirlərə korreksiyaedici tədbirlər, sertifikatın qüvvədə olmasının müvəqqəti dayandırılması və ya onun ləğvi haqqında informasiya daxildir.